Ana səhifə \ Haqqımızda

Haqqımızda

Tarixə səyahət

Çay dünya mədəniyyətinin ən qədim içkilərindəndir. Onun vətəni Hindistanın şimal-şərqi, Myanmanın şimalı və Çinin cənub-qərbi sayılır, lakin bu bitkinin ilk yetişdirildiyi dəqiq yeri məlum deyil. Çayla bağlı ilkin məlumatlar 5 min il əvvələ aid olan Çin əlyazmalarında rast gəlinir. Azərbaycanda isə çay XIX əsrin sonlarında yayılmağa başlayıb.

Çay süfrəsi mədəniyyəti

Azərbaycanda çayı süfrələrə əsasən armudu stəkanda, yanında limon və kəllə qənd olmaqla təqdim olunur. Çay içmə mərasimi təkcə evlərdə yox, şəhər, kənd və qəsəbələrdəki səfalı yerlərdə də təşkil edilir. Azərbaycanda elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, orada çay evi olmasın. Azərbaycanda evə qonaq gələn zaman qonağa ilk çay təklif edilməsi də, hər şeydən öncə, qonağa olan hörmətin əlaməti sayılır. Elçilik mərasimlərimizin də tacı çay sayılır. Əgər mərasimdə elçilərin təklifi qəbul edilərsə, sonda razılıq əlaməti olaraq süfrəyə şirin çay gətirilir, əgər təklif qəbul olunmursa, çaya qənd atılmır.

Çay yığımı

Yaşıl çay yarpaqlarını təzə yetişmiş zoğlarından dərirlər. Bu zoğlardan tumurcuqla birlikdə fləş adlanan üçyarpaq qoparılır. Fləşin ən dəyərli hissəsi onun tumurcuğu ilə birlikdə birinci iki yarpaq hesab olunur. Eyni zamanda tumurcuqsuz bir və ya iki yarpaqlı fləşlər də toplanır. Fləşlər 7-10 gündən bir təzələri əmələ gəldikcə dərhal yığılır. Əks halda onlar kobudlaşır və çayın keyfiyyəti aşağı düşür.